2016-cı ildə Ağcabədi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 278,755,4 min manat olub. Bu, əvvəlki illə müqayisədə 13,8 faiz çoxdur. Bu dövrdə 15,018,7 min manatlıq sənaye, 152,634,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 42,105,2 min manat investisiya yönəldilib. 2015-ci illə müqayisədə sənaye məhsulları istehsalı 18,6 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 10,4 faiz, əsas kapitala yönəldilən investisiyalar 36,8 faiz artıb.
Bu faktlar Ağcabədi rayonunda 2016-cı ilin yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat məruzəsində bildirilib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Ağcabədinin iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə tikinti-quruculuq və abadlıq işləri sürətlənib. Bu dövrdə Bayraq muzeyinin tikintisi başa çatdırılıb. Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinin Ağcabədi Vergi Xidməti Mərkəzinin inzibati binası, otel kompleksi, Ağcabədi şəhər 4 saylı uşaq bağçası-körpələr evi üçün yeni bina tikilib. Qonaq evi, şəhər 6 saylı və Hacıbədəlli kənd uşaq bağçası-körpələr evləri, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Boyat kənd sahə xəstəxanası, Hindarx qəsəbə 2 nömrəli ümumi orta məktəbi əsaslı təmir edilib. Hindarx qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksi yenidən qurulub. Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun Kəhrizli kəndi ərazisindən keçən Qarqar çayı üzərindəki körpü əsaslı təmir edilib, Minəxorlu kəndi ərazisində yeni körpü tikilib istifadəyə verilib.
Hazırda Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Yuxarı Qiyaməddinli kənd tam orta məktəbi üçün yeni binanın tikintisi davam etdirilir, Hacılar kənd tam orta məktəbi əsaslı təmir olunur.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan danışılarkən bildirilib ki, ötən il rayonda 26 min 548 hektar sahədən 95 min 827 ton taxıl əldə edilib. Bundan başqa 8852 ton pambıq, 48 min 525 ton şəkər çuğunduru, 3675 kiloqram barama tədarük olunub. Hacıbədəlli kəndi ərazisində pomidor yetişdirmək üçün müasir istixanalar qurulub.
Yığıncaqda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub, qazanılan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından və qarşıda duran vəzifələrdən bəhs edilib.
Çıxışlarda taxılçılığın, pambıqçılığın, baramaçılığın, heyvandarlığın inkişafı istiqamətində görülən işlərdən danışılıb, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ixracyönümlü məhsulların istehsalı ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, 2017-ci ildə pambıq sahələrinin 8 min hektara, şəkər çuğunduru əkinlərinin 2000 hektara çatdırılması, barama istehsalının artırılması qarşıda duran əsas vəzifələrdir.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev və Milli Məclisin deputatı Aqil Abbas yığıncaqda çıxış ediblər.
azertag.az