Nəsimi rayonunda əhalinin tibbi müayinə tədbirlərinə başlanılıb
16.2.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaradıb. Respublika əhalisinin sağlamlıq məsələlərini hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısının imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profili yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır. Ölkə başçısının tapşırığına uyğun olaraq fevralın 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi başlanılıb.

Bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.

Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götürülməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunub.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, rayonda tibbi müayinənin keçirilməsi üçün işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün hazırlıq işləri aparılıb, poliklinikalar lazımi dərman preparatları ilə təchiz olunub, burada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.

Həmçinin Nəsimi rayonda yerləşən özəl səhiyyə müəssisələrində o, cümlədən Bioloji Təbabət Klinikasında da əhalinin tibbi müayinəsi təşkil edilib. Baş həkim Gülnar Quliyeva bildirib ki, ölkə başçısının tapşırığı ilə əhalinin sağlamlığı və səhhəti ilə bağlı keçirilən bu aksiyada Bioloji Təbabət Klinikası da iştirak edir.

Rayon sakinləri poliklinikaların həkim heyəti, burada yaradılan şəraitdən razılıq edirlər.

Müayinədən keçən rayon sakinlər onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildiriblər.

Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.

azertag.az