Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Aysanpərvaz” turizm şirkəti tərəfindən fars dilində “Odlar diyarı- Azərbaycan” adlı jurnal-bələdçi nəşr olunub.
Jurnalda Bakı şəhəri ilə yanaşı, regionların da turizm potensialı əks etdirilib, ölkəmizin gəzməli-görməli yerləri, mətbəxi və milli adət-ənənələri haqqında geniş məlumat yer alıb.
Nəşrdə Bakıdakı mehmanxanalar, Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakı vağzalı barəsində də məlumat əksini tapıb.
Nəşrdə, həmçinin Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, tarixi və memarlıq abidələri, muzeyləri və təbiəti haqqında oxuculara geniş məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan qədim diyardır. İran ilə həmsərhəd olan Azərbaycan özünün tarixi abidələri, təbiəti və coğrafi mövqeyi ilə turistlər üçün çox cəlbedicidir.
Jurnalda Azərbaycanda Novruz bayramı və ilaxır çərşənbənin xüsusi qeyd edilməsi barədə də maraqlı yazı dərc edilib.
azertag.az