“Novruz mühazirələri”nə başlanılır
20.2.2017

Fevralın 21-də - baharın ilk çərşənbəsində Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayır.

Təhsil Nazirliyindən bildiriblər ki, İçərişəhərdə - “Muğam klub”da keçiriləcək “Novruz mühazirələri”nin ilk görüşündə Xalq Yazıçısı Çingiz Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” mövzusundan bəhs edəcək.

“Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.

“Novruz mühazirələri”ndə iştirak etmək istəyənlər müvafiq məlumatları novruzmuhaziresi@media.edu.az elektron poçt ünvanına göndərməklə fevralın 21-i saat 13.00-dək qeydiyyatdan keçə bilərlər.

Təhsil Nazirliyi ötən ildən başlayaraq “Novruz mühazirələri” təşkil edir. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri, ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı mövzularından bəhs ediblər.

azertag.az