Dillər Universitetində inklüziv təhsilə dair müzakirələr aparılıb
20.2.2017

Azərbaycan Dillər Universitetində (ADU) “Fiziki məhdudiyyətli insanlar üçün yaradılmış imkanlar və onların üzləşdiyi çətinliklər. İnklüziv təhsil” mövzusunda “dəyirmi masa” keçirilib.

ADU-dan bildiriblər ki, tədbirdə çıxış edən universitetin prorektoru, professor Jalə Qəribova inklüziv təhsilin prioritet məsələlərdən olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, ADU-da müvafiq mövzu ilə bağlı silsilə tədbirlər təşkil olunur. Universitet tərəfindən hazırlanan “Çərçivədən kənar” jurnalı haqqında danışan prorektor vurğulayıb ki, əsasən gənclər tərəfindən tərtib edilən dərgidə cəmiyyətin inkişafına yönələn ideyalardan bəhs olunur.

Norveçin Azərbaycandakı səfirinin köməkçisi Kerstin Vahlberq inklüziv təhsilin mahiyyətindən, ölkəsində sağlamlığını itirən insanlar üçün yaradılan imkanlardan söz açıb. O, Norveçdə fiziki məhdudiyyətli insanlarla bağlı qanunun mövcud olduğunu diqqətə çatdırıb.

Təhsil Problemləri İnstitutunun inklüziv təhsil şöbəsinin böyük elmi işçisi Fərid Süleymanov, UNEC-in inklüziv təhsil üzrə əlaqələndiricisi Sevinc Məsimova, Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzinin əlaqələndiricisi Rima Məmmədova, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri Ramilə Mahmudova və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər, sağlamlığını itirən insanları cəmiyyətə qaytarılması yolları barədə müzakirələr aparıblar.

Tədbirdə “İnklüziv təhsilin fəlsəfəsi”, “İnklüziv tədbirin təşəkkülü”, “İnklüziv təhsil ilə əlaqədar problemlər”, “Salamanka Bəyannaməsinin rəhbər prinsipləri”, “Keyfiyyətli inklüziv təhsili mümkün edən amillər”, “Ali təhsil müəssisələrində təhsil alan əlilliyi olan tələbələrin statistik sayı”, “ESFİDİP- Tempus layihəsi” və digər mövzularda məruzələr dinlənilib.

azertag.az