Bolqarıstanın televiziya kanalında Azərbaycan filmləri barədə məlumat verilib
21.2.2017

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin “BTV” televiziya kanalında yayımlanan “Film kimi” verilişinə müsahibə verib. Səfir film və mədəniyyət arasında mürəkkəb dinamik əlaqənin olduğunu deyib. O, filmin mədəniyyətin ayrılmaz tərkib hissəsi olduğunu və bu baxımdan da həmin mədəniyyətdəki təmayül və inancları əks etdirdiyini bildirib. Diplomat qeyd edib ki, filmlər, həmçinin müasir problem və hadisələri əks etdirərək istehsal olunduğu dövrün lent yazıları kimi də xidmət göstərir.

N.Qurbanova Azərbaycan film sənayesinin 120 illik tarixə malik olduğunu diqqətə çatdırıb. Həmçinin müstəqilliyinin bərpasından sonra Azərbaycanın film tarixinin yeni mərhələyə qədəm qoyduğunu, film istehsalının davam etdiyini vurğulayıb. Səfir “2008-2018-ci illərdə Azərbaycan kinematoqrafiyasının inkişafı haqqında Dövlət Proqramı”nın qəbul olunduğunu, ölkəmizdə film sənayesinin yaranmasının kinematoqrafiyanın kəşfi ilə eyni vaxta təsadüf etdiyini söyləyib.

N.Qurbanova iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Azərbaycan filmi gecəsinin təşkilindən məmnunluğunu bildirib. MENAR Film Festivalında Azərbaycanın ilk dəfə nümayiş olunan “Qırmızı bağ” və “Şəhər motivləri” filmləri barədə danışıb.

“Qırmızı bağ” filminin əksər hissəsinin Böyük Qafqaz dağlarının yamaclarında yerləşən və öz lətifələri ilə məşhur olan Şəki şəhərində çəkildiyini, bu şəhərin 2004-cü ildən etibarən Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşdığını nəzərə çatdırıb. Filmin qalan hissəsinin çəkildiyi Gəncənin isə Azərbaycanın ikinci ən böyük şəhəri olduğunu, Gəncə ilə Bolqarıstanın Varna şəhəri arasında qardaşlıq əlaqələrinin olduğunu bildirib.

“Şəhər motivləri” kinoalmanaxının müasir Azərbaycan rejissorlarının çəkdikləri 5 qısametrajlı filmdən ibarət olduğunu deyən diplomat filmin Bakı və onun sakinlərindən, şəhərin qaranlıq və işıqlı tərəflərindən bəhs etdiyini deyib. Əlavə edib ki, filmdə müxtəlif həyat və talelərlə yanaşı, Bakının qədimliyi və müasirliyi təsvir olunur. Ekran əsərində, həmçinin Bakının rəmzi sayılan və futuristik üslubda olan Alov qüllələri də yer alır.

Səfir Azərbaycan filmlərində hər zaman ictimaiyyəti maraqlandıran məsələlərin öz əksini tapdığını qeyd edib, filmlərimizin həm janr, həm də mövzu baxımından zəngin və rəngarəng olduğunu vurğulayıb.

azertag.az