Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Xocalı faciəsi ilə bağlı tədbirlər keçirəcək
21.2.2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirəcək. Fevralın 26-da idarənin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edəcək.

Baş idarədən bildirilib ki, qurumun tabeliyində olan mədəniyyət müəssisələrində sərgilər, anım gecələri, “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, məlumat saatları və mühazirələr keçiriləcək. İdarənin şəbəkəsinə daxil olan müəssisələrdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli qəhrəmanları haqqında çəkilmiş sənədli filmlər də nümayiş olunacaq.

azertag.az