Azərbaycanın Əbu-Dabidəki səfirliyi kulinariya bayramında iştirak edib
21.2.2017

Birləşmiş Ərəb Əmirliklərində akkreditə olunmuş diplomatik missiyaların başçılarının xanımlarının iştirakı ilə Əbu-Dabidə qeyri-adi bayram – Milli Mətbəx Günü keçirilib. Tədbir çərçivəsində hər bir ölkə, səfir və diplomatların xanımları tərəfindən hazırlanmış ənənəvi milli xörəklərini təqdim edib. Mövzuya uyğun tərtib edilmiş salonda tədbirin qonaqları ənənəvi Azərbaycan mətbəxinin zənginliyi və səxavəti ilə tanış olublar. Gözəl milli libaslar geyinmiş Azərbaycan səfirinin xanımı Ülviyyə Şikarovanın və digər diplomatların xanımlarının hazırladıqları çeşid-çeşid yeməklər və şirniyyat onlarda böyük maraq və heyranlıq doğurub.

Ü.Şikarova bir çox ölkələrin təmsilçilərinin toplandığı tədbirdə dövlət müstəqilliyini bərpa edəndən sonra ölkəmizin qazandığı uğurlardan və sanballı nailiyyətlərdən danışıb. O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli humanitar fəaliyyətindən, onun Azərbaycan tarixinin və mədəniyyətinin qorunub saxlanılmasına və təbliğinə böyük töhfəsindən ətraflı söz açıb.

Ü.Şikarova qeyd edib ki, Azərbaycanın birinci xanımı ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, qədim Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği sahəsində çox böyük və əhəmiyyətli işlər görür, habelə geniş əhatəli xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. O xüsusi vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə lavaş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Ü.Şikarova onu da bildirib ki, Mehriban Əliyevanın hərtərəfli fəaliyyəti geniş coğrafi məkanda həyata keçirilir və dünya ölkələrinin çoxunu əhatə edir. Bu da beynəlxalq arenada ölkəmizin nüfuzunun möhkəmlənməsinə xidmət edir.

azertag.az