Bakıda fotoqrafiya sənətinin aktual məsələlərinə həsr olunmuş mühazirələr
21.2.2017

Fevralın 21-də Azərbaycan Fransız İnstitutunda “Fotoqrafiya sənətində müasir aspektlər” layihəsi çərçivəsində fotoqrafiya sənətinin aktual məsələlərinə və inkişaf tendensiyalarına həsr olunmuş tədbir keçiriləcək.

Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində baş tutacaq.

Azərbaycan fotoqraflarının iştirakı ilə keçiriləcək tədbir mühazirə-konfranslar seriyasından ibarətdir. Layihə sənətkar fotoqraflarla ictimai müzakirələr, görüş və mühazirələr əsasında bu sahənin əsas xüsusiyyət və aktual məsələlərini, eləcə də sosial və bədii fenomen kimi fotoqrafiyanı hərtərəfli nəzərdən keçirmək məqsədi daşıyır. Üç həftə ərzində üç fotoqraf - Sənan Ələsgərov, Eldar Əkbərov və Rüfət Abbas ilə keçiriləcək mühazirələr silsiləsi peşəkar auditoriyaya və geniş kütləyə fotoqrafiyada estetik məsələlər, texnika keyfiyyəti və fotoqrafın bir rəssam-ustad kimi təhlili ilə bağlı mövzulara toxunmaq imkanı verəcək. Bu üç fotoqraf auditoriyanı təkcə nəzəri biliklər dünyasına aparmayacaq, eyni zamanda, şəxsi təcrübələrindən danışacaq, onların “şəxsi əhatəsinə” daxil olmağa imkan yaradaraq tamaşaçılar arasında dialoqun baş tutmasına xidmət edəcək.

Tədbir fotoqrafiya dünyasında müasir və aktual aspektlər mövzusunda ictimai müzakirələrlə davam edəcək.

azertag.az