Fevralın 24-də “YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında gənc rəssamlar Hatəm Əlizadə, Mousa Bəyzadə, Əli Həsənov, Novruz Məmmədov, Filipp Messner, Seymur Seyidbəyli və Sabit Zamanovun əsərlərindən ibarət “Disfoniya” sərgisinin finisaj tədbiri təşkil olunacaq.
“Təbəssüm, təbəssümü unutma!” adlı tədbirə hər kəs qatıla bilər. Tədbirin məzmunu 1977-ci ildə “Voyacer 1” kosmik aparatının göyərtəsində kosmosa göndərilən qızıl valdan (üzərində səs yazılmış yastı çarx) ilhamlanaraq təşkil olunub. Tədbir çərçivəsində Mousa Bəyzadə tərəfindən tərtib edilmiş və “Voyacer” qızıl valdakı mahnıların da əlavə edildiyi musiqilər səslənəcək. Tədbirin adı isə Seymur Seyidbəylinin “Daxili söhbət” əsərindən götürülüb. Qeyd edək ki, bu əsərdə bütün cəmiyyətlərdə hər bir insanın gec-tez qarşılaşacağı davranış və qavrama ilə bağlı qanunlardan bəhs edilir. Amma bu qanun və dəyərlərə uzaq kosmos perspektivindən baxdıqda onlar absurd və qəribə görünə bilər. Qeyd edək ki, disfoniya - tam normal səs büküşlərinin, səs yaradan qırtlaq və rezonans yaradan udlaq və ağızın normal funksiyasına və anatomiyasına baxmayaraq insanın uyğun səs çıxartma funksiyasını yerinə yetirə bilməməsi vəziyyətidir.
azertag.az