Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında ölkəmizin kosmik imkanlarından istifadə olunacaq.
Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda torpaqların elektron uçotu və kadastr sisteminin qurulması sahəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığa başlayıb.
Dövlət başçısının bununla bağlı fərman və tapşırıqlarında torpaq uçotu işlərində müasir avadanlıqlardan istifadə və "Azərkosmos"la əməkdaşlıq da xüsusi vurğulanır. Bu tapşırıqların icrasına uyğun olaraq, komitə artıq "Azərkosmos"la birgə əməkdaşlığa başlayıb.
Bu məqsədlə bu gün "Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasında Kosmik Müşahidə peyk xidmətlərindən istifadə" edilməsinə həsr edilmiş ictimai təqdimat keçirilib. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "Azərkosmos" ASC arasında Kosmik Məsafədən Müşahidə peyk xidmətləri sahəsində Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, iki qurum arasında əməkdaşlıq torpaqların elektron kadastr uçotu məlumatlarının, habelə torpaq sahələrinin və yaşayış məntəqələrinin Elektron Kadastr Məlumat bazasının periodik yenilənməsi üçün ortofotoplanların hazırlanması, torpaqların təyinatı üzrə istifadəsinə nəzarətin həyata keçirilməsi sahələrini əhatə edəcək. Eləcə də kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin tədqiqi üzrə monitorinqlərin aparılması, torpaq ehtiyatlarının mühafizəsi, torpaqların eroziyasının və səhralaşmanın analizi (spektral analizlər) məqsədilə kosmik təsvirlərdən istifadə olunacaq.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı işlər aparır. Bu tədbirlər Azərbaycan Prezidentinin torpaqların elektron uçotunun aparılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması ilə bağlı tapşırıqlarına və 7 mart 2016-cı il tarixli fərmanına əsasən həyata keçirilir. Bu işlər çərçivəsində artıq Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, 12 rayonun torpaqlarının uçotu işi yekunlaşıb, bu torpaqlar üzərindəki daşınmaz əmlaklar haqqında müfəssəl baza yaradılıb. Layihə çərçivəsində həmçinin pay torpaqları ilə bağlı uyğunsuzluqlar aradan qaldırılır. Uçot işinin ölkə üzrə 2019-cu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Memorandumun imzalanması çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dasınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev və "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev hər iki təşkilatda torpaq fondunun öyrənilməsi ilə bağlı icra olunan layihələr barədə təqdimat ediblər.
Bildirilib ki, torpaqların elektron uçotu və kadastrının tərtibi ilə bağlı iki qurum arasında əməkdaşlıq hələ ötən ildən başlayıb. 2016-cı ildə Sumqayıt şəhərinin kadastr məlumatlarının yenilənməsi işlərində "Azərkosmos" Dövlət Komitəsinə stereo təsvirlər təqdim edib. Bu təsvirlərə istinadən qısa müddətdə yeni tikililər və digər dəyişikliklər təsbit olunaraq vektorlaşdırılıb, çöl işləri yerinə yetirilib və əldə olunan məlumatlar Elektron Kadastr Uçotu İnformasiya Sısteminin yenilənməsi üçün istifadə olunub.
Hazırda digər ərazilərin torpaq sahələrinin və yaşayış məntəqələrinin Elektron Kadastr Məlumatları bazasının yığılması və yenilənməsi üçün ortofotoplanların hazırlanması, torpaqların təyinatı üzrə istifadəsinə nəzarətin həyata keçirilməsi, kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin tədqiqi üzrə monitorinqlərin aparılması, eləcə də torpaq ehtiyatlarının mühafizəsi, torpaqların eroziyasının və səhralaşmanın analizi (spektral analizlər) məqsədilə kosmik təsvirlərdən istifadə edilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi və "Azərkosmos" arasında təkliflər planı hazırlanır.
trend