“Kəlağayı” kitabı təqdim olunub
22.2.2017

Fevralın 21-də Azərbaycan Xalça Muzeyində “Kəlağayı” kitabının təqdimatı keçirilib.

Yeni nəşr Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə işıq üzü görüb.

Əvvəlcə bu unikal sənət növünün tarixini və Azərbaycan xalqına məxsusluğunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək kəlağayının tarixindən danışıb.

Vurğulanıb ki, milli qadın geyiminin qədim atributu hesab olunan kəlağayı özündə ümumbəşəri mənalar daşıyan bir-biri ilə bağlı anlayışlar aləmini əks etdirir. Kəlağayının əsrlər boyu təkmilləşdirilmiş estetik qanunlara tabe olduğunu deyən Ş.Məlikova onu Azərbaycan mədəniyyətinin müstəsna və unikal qatı kimi xarakterizə edib.

Diqqətə çatdırılıb ki, zəngin mədəniyyətimizin bir parçası hesab olunan kəlağayı 2014-cü il UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş xalqımıza məxsus ənənəvi ipək qadın baş örtüyüdür. O, hər qadın üçün xüsusi olaraq yaradılan, tayı-bərabəri olmayan valehedici örpəkdir.

Qeyd olunub ki, kəlağayının fabriklərdə deyil, qədim əl əməyinə əsaslanması, kustar üsulla hazırlanması onun ornamental gözəlliklərini bir daha önə çəkir.

Kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirən muzeyin direktoru bundan sonra da milli mədəni xəzinəmizin tərkibinə daxil olan hər bir mirasa sahib çıxmağımızın vacibliyini qeyd edib.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yeni nəşrin əhəmiyyəti xüsusi vurğulayıb.

Nazir müavini söyləyib ki, sözügedən nəşr ilk dəfə olaraq oxuculara kəlağayını müəyyən edən konsepsiyanı, eyni zamanda, qəliblərin-forma və ştampların sistemləşdirilmiş kataloqunu təqdim edir.

Kəlağayının hazırlanmasının milli mədəniyyətimizə xas olduğunu deyən S.Məmmədəliyeva bildirib ki, çoxəsrlik ənənələrə malik olan bu sənət, o cümlədən milli etnoqrafiya, sənətşünaslıq və kulturologiya elmlərinin müstəqil tədqiqat predmetidir.

Bildirilib ki, müəllifləri Rəna İbrahimbəyova, Cəlil Tarverdiyev və Zəhra Müller Tarıverdi olan “Kəlağayı” kitabı bu sahədə mövcud boşluqları müvafiq məlumatlarla doldurmaq xarakteri daşıyır.

Müəlliflər kəlağayı istehsalı və bu sənətin öyrənilməsi sahəsində uzun illər ərzində topladıqları bilik və təcrübəni bu kitab vasitəsilə oxuculara bölüşürlər. Kitabın digər məziyyətlərindən bəhs edən natiq bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək kəlağayının tarixindən, onun əl əməyinə əsaslanmasından söz açıb. Xalqımızın öz mədəniyyəti ilə bəşəriyyətin mədəni müxtəlifliyinə verdiyi töhfələrdən danışan F.Xəlilov çox qədim tətbiqi sənət növü sayılan bu sənətin inkişafına göstərdikləri dəstəyə görə, Heydər Əliyev Fonduna və Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən digər qonaqlar kitabın əhəmiyyətindən, kəlağayı sənətinin tarixindən danışıblar.

azertag.az