Xətai rayonunda əhali icbari tibbi müayinədən keçir
22.2.2017

Prezident İlham Əliyevin əhalinin icbari tibbi müayinədən keçirilməsi tapşırığına əsasən Xətai rayonunda tibbi müayinə aylığı davam edir.

Xətai rayon icra hakimiyyətindən bildiriblər ki, 38 saylı səhər poliklinikasında rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilat nümayəndələri və sakinlər rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçiblər.

Poliklinikanın baş həkimi Reyhan Əkbərova deyib: “Fevralın 15-dən başlayan tibbi müayinəyə qoşulanların sayı bu günə kimi 5350 nəfərə çatıb. Onlardan 611 nəfəri ambulator, 50 nəfəri isə stasionar müayinəyə göndərilib”.

Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirib ki, rayon əhalisinin demoqrafik artımı nəticəsində bu il xidmət göstərilən əhalinin sayı 212 min 473 nəfərə çatıb. Əhalinin cari ildə də aksiyaya cəlb edilməsi məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilir.

Əhalinin mütəşəkkil surətdə tibbi müayinədən keçməsi isə işin yüksək səviyyədə təşkilindən xəbər verir. Prezident İlham Əliyevin tapşırığına əsasən, rayonda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təchiz edilib. Bu da sakinlərin lazımi qaydada müayinədən keçməsinə zəmin yaradır.

azertag.az