Azərbaycan Dövlət Musiqili Teatrı dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini bir sıra gənc aktyorların ifasında tamaşaçılara təqdim etməyə hazırlaşır.
Teatrın mətbuat xidmətindən bildirilib ki, “Arşın mal alan” tamaşasının yeni heyətlə nümayişi 10 mart - Milli Teatr Günündə reallaşacaq.
“Hazırda Üzeyir Hacıbəylinin cari repertuarda olan “O olmasın, bu olsun” və “Ər və arvad” komediyaları Musiqili Teatrın ən çox sevilən tamaşalarındandır. Mart ayından isə böyük klassikimizin dünya şöhrətli “Arşın mal alan” əsəri yenidən teatrımızın repertuarında görünəcək. Bizim teatrda hər zaman gənclərə xüsusi diqqət və inam olub. Məhz bunun nəticəsidir ki, “Arşın mal alan” tamaşasında bir sıra gənclərə - Aydan Həsənova, Səmədzadə Xasıyev, Əmrah Dadaşov, Nicat Həbibov və başqalarına böyük etimad göstərilib. İnanırıq ki, onlar öz işlərinin öhdəsindən layiqincə gələcəklər. Eyni zamanda, Əməkdar Artist Ələkbər Əliyev, aktrisalar Gültac Əlili, Elnarə Nağdəliyeva bu tamaşada ilk dəfə oynayacaqlar. Əminəm ki, Milli Teatr Günü növbəti dəfə Musiqili Teatrda ikiqat bayrama səbəb olacaq. Milli Teatr Gününü premyeralarla qeyd etmək artıq bizim teatrda bir ənənə halını almaqdadır. Teatr ötən il bu əlamətdar günü Xalq Yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan, musiqisi gənc bəstəkar Firudin Allahverdiyə məxsus olan “Baladadaşın toy hamamı” ikihissəli lirik musiqili komediya ilə qeyd etdi. Biz bu ənənəni gələcəkdə də davam etdirməyə çalışacağıq”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev söyləyib.
Qeyd edək ki, martın 10-da təqdim olunacaq tamaşada əsas rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Elxan İsmayılov ifa edəcəklər. Tamaşanın bərpaçı rejissoru Əhəd Hacıyev, dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
azertag.az