Cəfər Xəndan küçəsinin sonuncu hissəsi təmir olunur
24.2.2017

Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, təmir işləri Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsində aparılır. Burada da köhnə asfalt-beton örtük 2 qat olmaqla yenisi ilə əvəz olunur. Bu səbəbdən küçənin sözügedən hissəsində avtonəqliyyat vasitələrini hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.

Təmir işləri çərçivəsində sözügedən küçədə yeni yeraltı kommunikasiya xətləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub. Aparılmış kompleks işlər yolun hərəkət hissələrinin tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq. Aparılan təmir işləri çərçivəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq, asfaltlanıb, kənarlarına 1100 paqon-metr yeni səki daşları düzülüb. Təmir işləri zamanı hər iki küçədə - Cəfər Xəndan və Nəcəf Nərimanov yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yolcizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, bundan öncə Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən 1100 metrlik hisslərində təmir işləri aparılaraq yekunlaşdırılıb.

trend.az