Müasir İncəsənət Muzeyində növbəti sərgi - “Adsız”
24.2.2017

Martın 1-də Müasir İncəsənət Muzeyində Əməkdar Rəssam Məmməd Mustafayevin “Adsız” adlı fərdi rəsm sərgisi açılacaq.

Muzeydən bildirilib ki, martın 28-dək davam edəcək sərgidə rəssamın rəngkarlıq, qrafika və heykəltəraşlıq janrlarında olan sənət əsərləri təqdim olunacaq.

Qeyd edək ki, Məmməd Mustafayev 1948-ci ildə Bakıda anadan olub. Onun yaradıcılıq yolu 1958-ci ildə pionerlər sarayının nəzdində yerləşən rəssamlıq emalatxanasında başlayıb. İlk təhsilini Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində alan fırça ustası 1974-cü ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun Memarlıq fakültəsini bitirib.

O, 1968-ci ildən Bakı, Tiflis, Moskva, Sankt-Peterburq, Daşkənd, Almatı, Kiyev, Minsk, Tallində keçirilən bir çox respublika və ümumittifaq sərgilərində, eləcə də Polşa, Varşava, Paris və Londonda təşkil olunan sərgilərdə iştirak edib.

Rəssamın əsərləri Müasir İncəsənət Muzeyində, Mədəniyyət və Turizm Nazirliyində, Rusiyada, eləcə də şəxsi kolleksiyalarda saxlanılır.

azertag.az