Şuşa şəhər kitabxanasının 120 illiyi qeyd olunub
27.2.2017

Fevralın 27-də M.F.Axundzadə adına Milli Kitabxanada Şuşa şəhər kitabxanasının 120 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Şuşa şəhərinin tarixinə, mədəniyyətinə və görkəmli şəxsiyyətlərinə aid fotolardan və kitablardan ibarət sərgi ilə tanış olublar. Həmçinin Şuşa şəhərinin görüntülərindən ibarət videoçarx nümayiş edilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitabxananın keçdiyi tarixi yola nəzər salıb, bu mədəniyyət ocağının neçə-neçə insanın kamil şəxsiyyət kimi formalaşmasındakı rolunu qeyd edib.

Sonra Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bir sıra əməkdaşlarına nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı və fəxri fərmanlar təqdim olunub.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov da 120 illik tarixi olan kitabxana tərəfindən görülən işləri, reallaşdırılan layihələri yüksək qiymətləndirib.

Sonda Şuşa musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim edilib.

azertag.az