Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Qəbələ rayonunda da əhalinin kütləvi pulsuz tibbi müayinədən keçirilməsi aksiyası uğurla davam etdirilir.
Bununla əlaqədar rayonda hər cür şərait yaradılıb. Müayinələr rayon mərkəzi xəstəxanasında, diaqnostika mərkəzində, eləcə də qəsəbə və kənd tibb məntəqələrində həyata keçirilir. Yüksəkixtisaslı həkimlər vətəndaşları qabaqcadan tərtib olunmuş qrafik əsasında müayinə edir, zərurət olduqda onlar müalicəyə cəlb olunurlar.
Rayonda tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə yaradılan komissiya tərəfindən ciddi hazırlıq işləri görülüb, tibb ocaqları bütün lazımi avadanlıqlarla təchiz edilib. Fevral ayının 15-dən 27-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 3670 vətəndaş tibbi müayinə olunub.
Xəstəliyi aşkar olunan şəxslər Qəbələ Rayon Mərkəzi Xəstəxanasında müalicə edilirlər. Müayinələrdən sonra 56 nəfər stasionar, 189 nəfər ambulator müalicəyə cəlb olunub. 24 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilib.
Aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında təbliğat işi davam etdirilir.
azertag.az