“Azərsu” Səhmdar Cəmiyyəti 2015-ci ildə 35, ötən il isə 15 su anbarı inşa edərək istismara verib, bu il isə daha 10 su anbarının tikilməsi nəzərdə tutulub.
Bu barədə qurumun mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı məxsusi müsahibəsində məlumat verib.
2015-ci il oktyabrın 28-də istismara verilən dünyanın ən son texnologiyasına-ultrasüzgəc mexanizminə əsaslanan Ceyranbatan sutəmizləyici qurğular kompleksinin məhsuldarlığı saniyədə 6.6 kubmetr və ya sutkada 570 min kubmetr təşkil edir. Kompleksdə avtomatik olaraq qapalı rejimdə təmizlənən su 0.01 mikronmillimetr diametrli süzgəclərdən keçirilir. Təbii mineral tərkibi qorunub saxlanılmaqla təmizlənən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının tələblərinə cavab verir.
“Azərsu” Səhmdar Cəmiyyəti içməli su təchizatı ilə yanaşı, çirkab sularının toplanması, zərərsizləşdirilməsi və kənarlaşdırılması xidmətlərini də həyata keçirir. Bütün su hövzələrinin - çaylar, göllər, kanallar və Xəzər dənizinin ekoloji təmizliyinin qorunub saxlanılmasını təmin etmək məqsədilə sutəmizləyici qurğular tikilib istifadəyə verilir. Ötən il Şamaxı, Göyçay rayonlarında tikintisinə başlanılan həmin qurğularda işlər yekunlaşmaq üzrədir. Bu il Gəncə şəhərində, Şəki, Xızı, Gədəbəy, Beyləqan, Tərtər və Gədəbəy rayonlarında, eləcə də Bakının Pirşağı qəsəbəsində tullantı təmizləyici qurğuların tikintisinə başlanılacaq.
azertag.az