Milli Məclisin komitə iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi müzakirə edilib
28.2.2017

Fevralın 28-də Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib. İclasda elm və təhsil komitəsinin üzvləri də iştirak ediblər.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclası açaraq gündəlik barədə məlumat verib.

İclasda “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının qanun layihəsi müzakirə edilib. Komitə sədri bildirib ki, bu qanun layihəsi Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Maliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Gənclər və İdman, Müdafiə nazirliklərinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Ombudsman Aparatına rəy üçün göndərilib. Qanun psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

Komitə sədrinin müavini Musa Quliyev qanun layihəsi barədə geniş məlumat verib. Bildirib ki, layihə 6 fəsil, 23 maddədən ibarətdir. Qeyd edilib ki, psixoloji yardım tətbiqi psixologiyanın bir sahəsi olub, insanın sosial- psixoloji rifahının yüksəlməsinə xidmət edir. Psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Bu qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də qanun layihəsi barədə fikir və təkliflərini bildirib, onun vacibliyini vurğulayıb

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, psixologiya sahəsini tənzimləmək və bu qanun layihəsini qəbul etmək çox vacibdir.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

azertag.az