Yaponiyanın “Mitsubişi”, “Sumitomo”, “Mayekava” və “Roboto” şirkətlərinin nümayəndələri “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olublar. Qonaqlara səhmdar cəmiyyətin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verilib.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən bildirilib ki, qurumun idarə heyəti sədrinin müavini Səbuhi Mehdizadə ölkəmizdə qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, sənaye parkları və sənaye zonalarında sahibkarlar və investorlar üçün yaradılmış əlverişli şərait barədə qonaqlara məlumat verib. Bildirilib ki, 7 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkında məişət tullantılarının emalı və xidmət müəssisələrinin yaradılması nəzərdə tutulur. Parka əsasən təkrar emalla məşğul olan müəssisələr cəlb edilir. Hazırda sənaye parkının işlənmiş mühərrik yağlarının, pet butulkaların, karton və plastik məmulatların emalı və mebel istehsalı ilə məşğul olan beş rezidenti var.
Qonaqlara, həmçinin bərk məişət tullantılarının yandırılması zavodunun fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantı yandırmaq və 231 milyon kilovat/saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.
azertag.az