“Şəxsi kabinet”in yaradılması və istifadə qaydası
28.2.2017

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin “şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet” bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “şəxsi kabinet”ində öz əksini tapacaq.

DİM-dən bildiriblər ki, “şəxsi kabinet” yaradılan zaman pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.

“Şəxsi kabinet” yaratmaq üçün istifadəçi əvvəlcə ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir, nömrəsini və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) müvafiq sahələrə daxil edib “Şəxsi kabinet yarat” düyməsini basır. Məlumatlar düzgün daxil edilibsə, istifadəçinin ekranında onun soyadı, adı, atasının adı əks olunur.

Sonra istifadəçiyə müvafiq sahələrə mobil telefon nömrəsini və elektron poçt ünvanını daxil etmək təklif olunur. Bu məlumatlar zəruri hallarda (istifadəçi ilə əlaqə saxlamaq, parolu bərpa etmək və s. üçün) istifadə oluna bilər.

Gələcəkdə şəxsi kabinetə daxil olmaq üçün istifadəçi müəyyən tələblərə riayət edərək parol (parolu unutmayın və məxfi saxlayın) təyin etməli və onu müvafiq sahələrə daxil edib “Yadda saxla” düyməsini basmalıdır. Nəticədə sistem tərəfindən kabinetə unikal nömrə təyin edilir. Kabinetin nömrəsi xidmətlərdən istifadə edilən zaman tələb oluna bilər.

İstifadəçi “şəxsi kabinet”ini menyudan “şəxsi məlumatlar”, “əlaqə məlumatları”, “parolu dəyiş”, “hesab” elementlərini seçməklə idarə edə bilər.

azertag.az