Görkəmli rəssamı Bəhruz Kəngərlinin anadan olmasının 125 illiyi qeyd olunub
1.3.2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə rəssam Bəhruz Kəngərlinin 125 illiyinə həsr olunmuş tədbir-sərgi keçirilib. Tədbir 5 nömrəli uşaq incəsənət məktəbində təşkil olunub.

Baş İdarədən bildirilib ki, tədbirdə Azərbaycan təsviri sənətində fərdi yaradıcılıq üslubu ilə böyük məktəb yaratmış Bəhruz Kəngərlinin sənət dünyasından söz açılıb. Bildirilib ki, o, cəmi 30 il yaşasa da sənətə həsr etdiyi yeddi il ərzində 2000-dək əsər yaradıb və təsviri sənətdə özündən sonra zəngin irs qoyub.

Diqqətə çatdırılıb ki, Azərbaycanda səlis dəzgah boyakarlığının, portret, mənzərə, natürmort, süjetli- tematik və teatr dekorasiya janrlarının, peşəkar, bədii peşəkar, rəngkarlıq sənətinin yaranması Bəhruz Kəngərlinin adı ilə bağlıdır. Onun 1911-1913-cü illərdə kağız üzərində karandaşla çəkilmiş "Azərbaycan tipləri" adlı albomuna müxtəlif ölçülü əsərləri - "İki qaçqın uşaq", "Dükanda" adlı rəsmlər , kağız üzərində kömürlə işlənmiş akademik rəsmlərdən "Apallonun büstü", "Antik heykəl", "Avtoportret", "Azərbaycanlı qadın", "Papaqlı kişinin portreti", sulu boya ilə işlənmiş "mənzərə" daxildir.

Tədbirdə Bəhruz Kəngərli Muzeyinin eksponatlarını əks etdirən videoçarx nümayiş olunub.

Sonda rəssamın əsərləri əsasında şagirdlərin çəkdikləri rəsmlər sərgilənib.

azertag.az