Gmail məktub limitini qaldırdı
3.3.2017

Gmail və digər elektron poçt servisləri maksimum 25 MB həcmli məktubları qəbul etmək və göndərmək imkanını verir.

Lakin bu baxımdan bəzən istisnalar da olur. Beləliklə "Google” şirkəti bu limiti aradan qaldıraraq onu 50 MB edib. Bundan sonra istifadəçilər, 50 MB həcmə qədər olan məktubları qəbul edə biləcəklər. Lakin bununla belə göndərilən məktubların həcmi olduğu kimi 25 MB qalır.

Buradan sual yarana bilər ki, əgər limit 50 MB-kimi qaldırılıbsa və əgər göndərilən məktubun limiti 25 MB-dırsa onda burda məntiq hardadır? Məsələ burasındadır ki, yeni özəllik, iki Gmail ünvanı arasındakı məktublaşmaya şamil olunmur. Əgər siz 50 MB həcmli məktubu digər elektron poçt servisi vasitəsilə Gmail ünvanına göndərsəniz onda problemsiz məktub bir başa ünvana çatdırılacaq. Lakin bir Gmail ünvanından digərinə sözügedən həcmli məktubu göndərən zaman isə istifadəçi məcburi şəkildə Google Drive servisindən istifadə etməli olacaq.

Günümüzdə elektron poçt servisləri, göndərilən məktubun həcminin böyük olduğu halda onu avtomatik şəkildə bulud servisə yükləmə funksiyasına malikdirlər. Lakin müxtəlif servislərdə həcm məsələsi tamamilə fərqlənə bilər. Məsələn Outlook.com, 50 MB həcmə kimi məktub göndərmə imkanını verir. Bəzi servislər isə heç limit qoymur. Gmail-in bu yeni özəlliyi yaxın bir neçə gün ərzində bütün istifadəçilərə təqdim olunacaq.

oxu.az