Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Qazaxıstanın nümayəndə heyətinin tərkibinə 65 nəfər, o cümlədən 7 idman növündə - boks, sərbəst güləş, qadın güləşi, yunan-Roma güləşi, cüdo, taekvondo, voleybol (qadınlar) 43 idmançı daxil olacaq.
Bu barədə Qazaxıstan Milli Olimpiya Komitəsindən məlumat veriblər.
MOK-dan bildiriblər ki, onlar boks, cüdo, qadın güləşi kimi idman növlərində müxtəlif əyarlı medallar gözləyirlər.
Qazaxıstan komandasında medal qazanmağa ən şanslı idmançılar qismində Alimxanuli Janibek (boks), Jusupov Abılayxan (boks), İbrayev Rüstəm (cüdo), Qasımov Ayalum (qadın güləşi, 58 kq), Sedneva Marina (qadın güləşi, 81 kq) və başqaları göstərilir.
Qazaxıstan MOK-dan IV İslam Həmrəyliyi Oyunlarının müsəlman ölkələri arasında dostluq münasibətlərini daha da inkişaf etdirməyə imkan verəcəyi vurğulanıb.
"Bakı çox qonaqpərvər və mehriban şəhərdir. 16 sentyabr 1996-cı il tarixində Bakıda Qazaxıstan və Azərbaycan hökumətləri arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Bu sazişə uyğun olaraq, Qazaxıstan idmançıları Azərbaycan Respublikasının ərazisində keçirilən bütün yarışlarda və mədəni tədbirlərdə iştirak edirlər. Eləcə də Azərbaycan nümayəndələri Qazaxıstanda keçirilən bütün tədbirlərə qatılırlar. Azərbaycan və Qazaxıstan arasında həmçinin vizasız rejim mövcuddur", - Qazaxıstan MOK-dan bildiriblər.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək.
report.az