Hacıqabulda 6 mindən çox rayon sakini tibbi müayinədən keçirilib
3.3.2017

Respublikamızın hər yerində olduğu kimi, Hacıqabul rayonunda da əhalinin kütləvi pulsuz tibbi müayinəsi uğurla davam edir.

Humanitar aksiyada rayon üzrə 52 mindən çox sakin müayinədən keçəcək. Kənd, qəsəbə və kollektivlərdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Rayon icra hakimiyyətində yaradılan qərargah müayinələrin gedişinə ciddi nəzarət edir.

Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsi, qəsəbə, kənd sahə tibb məntəqələri tibbi müayinələrin mütəşəkkil keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilib. Qrafikə əsasən, fevralın 15-dən indiyədək 6 min nəfər müayinə olunub. Müayinələri əsasən, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən də keçirilir.

Müayinə olunan sakinlərdən 300 nəfəri ambulator, 60 nəfəri stasionar müalicəyə cəlb edilib, 10 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib.

Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının sağlamlığına qayğıkeş münasibəti sakinlər tərəfindən razılıqla qarşılanır.

Tibbi müayinədən keçən şəhər sakini Təranə Abdullayeva müsahibəsində deyib: “Hamı kimi mən də heç birödəniş etmədən həkimlər tərəfindən müayinə olundum. Müayinədən sonra tam sağlam olduğuma əmin oldum və buna sevindim. Belə nəcib aksiyanın təşəbbüskarı olan Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, əhali rayon mərkəzi xəstəxanası ilə yanaşı, bir kənd xəstəxanası, həkim və tibb məntəqələrində də kütləvi pulsuz tibbi müayinədən keçirilirlər.

azertag.az