“Qəbələ”nin karateçisi İstanbulda fərqlənib
6.3.2017

“Qəbələ” idman klubunun və Azərbaycan milli komandasının karateçisi Niyazi Əliyev növbəti uğurunu qazanıb.

Klubun yetirməsi İstanbulda keçirilən Bosfor turnirində çıxışını uğurla başa vurub. Turnirdə 67 kiloqram çəki dərəcəsində mübarizə aparan N.Əliyev yarışda keçirdiyi bütün qarşılaşmalardan qalib ayrılıb. Bununla da karateçimiz 30-cu Bosfor turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, ənənəvi beynəlxalq turnirə 23 ölkədən 1394 idmançı qatılıb.

azertag.az