Mahnı Teatrında “Sazın ana laylası” adlı konsert təşkil edilib
7.3.2017

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Sazın ana laylası” adlı konsert proqramı təşkil olunub.

Aşıqlar Birliyindən bildirilib ki, gecəni mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açaraq qadın aşıqlara uğurlar arzulayıb.

Azərbaycan dövlətinin aşıq sənətinin inkişafına hər zaman böyük təkan verdiyini bildirən S.Məmmədəliyeva son illər qadın və qızların aşıq sənətinə böyük maraq göstərdiyini söyləyib.

Bildirilib ki, Prezident İlham Əliyevin aşıq sənətinə qayğısı sayəsində bir sıra aşıqlara fəxri adlar verilib. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyeva da aşıq sənətinə hər zaman diqqət göstərib və bu qayğının nəticəsi olaraq 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ildə Gədəbəy saz məktəbi açılıb.

“Bu gün biz Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir”, - deyə nazir müavini vurğulayıb.

Gecədə Əməkdar Mədəniyyət işçiləri Ulduz Quliyeva, Samirə Əliyeva, Solmaz Kosayeva, həmçinin aşıqlar Zülfiyə İbadova, Könül Bayramova, Xatirə Gülməmmədli və başqaları çıxış edərək rəngarəng saz havaları səsləndiriblər.

Konsertdə Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun da çıxışı maraqla qarşılanıb.

azertag.az