Bu gün Ümumdünya Böyrək Günü qeyd olunur
9.3.2017

2006-cı ildən etibarən bütün dünyada hər il martın ikinci cümə axşamı rəsmi olaraq Dünya Böyrək Günü (World Kidney Day) kimi qeyd edilir. Builki Dünya Böyrək Gününü “Böyrək xəstəlikləri və piylənmə” devizi altında keçirilir.

Bütün dünyada bu gün münasibətilə elmi-praktik konfranslar keçirilir, böyrək xəstəliklərinin profilaktikası, ictimaiyyətin maarifləndirilməsi istiqamətində müzakirələr aparılır. Keçirilən tədbirlərin məqsədi ictimai səhiyyə sahəsində çalışan mütəxəssislərin və ictimaiyyətin diqqətini geniş yayılmış xroniki böyrək çatışmazlığı aşkarı və müalicə üsullarına yönəltməkdir.

Böyrək insanın yaşaması üçün ən vacib orqanlardan biridir. Böyrəklər orqanizmdə qanı təmizləyir və onun kimyəvi balansını saxlamağa kömək edir.

Nazirlər Kabineti “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nı təsdiqləyib. Proqram çərçivəsində xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi, böyrəklərin xroniki patologiyası olan şəxslərin vaxtında aşkarlanması, onların tibbi yardımla, o cümlədən hemodializlə təmin edilməsi, xroniki böyrək çatışmazlığı üzrə ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartlarının müəyyənləşdirilməsi planlaşdırılıb.

azertag.az