Yaz fəsli təkcə təbiətdə deyil, orqanizmdə də oyanış və canlanma dövrüdür. İlin bu fəsli bəzi xəstəliklər üçün xarakterikdir. Yazda allergik və infeksion xəstəliklər baş qaldırır, dermatoloji problemlər yaşanır. Ona görə də ilin bu fəslində düzgün qidalanmadan çox şey asılıdır.
Təbii üsullarla müalicə üzrə mütəxəssis Seyfəddin Əsəd deyib: "Qışda təbii qidalar, o cümlədən təzə meyə-tərəvəzlə təminat nisbətən azalır və buna görə də orqanizmin müqaviməti zəifləyir, virus və infeksiyalara qarşı həssaslıq yüksəlir. Yaz fəslində C vitamininə tələbat artır. Orqanizmin müqavimətini artırmaq üçün göy-göyərti və meyvə-tərəvəzdən başqa bal, düyü, noxud, mərci, qarabaşaq və kartof qəbul etmək məsləhət görülür.
Uşaqların yumurta və südlə qidalanması xüsusilə vacibdir. Böyüklər xolesterinin az və ya çoxluğundan asılı olaraq süd və yumurtanı həkim məsləhəti ilə qəbul etməlidirlər. Süd həzm sistemini pozur, allergiyaya meyillilik yaradır. Böyüklər üçün süddən daha çox ağartı məhsulları - qatıq, şor və kəsmiklə qidalanmaq faydalıdır. Orqanizmi amin turşuları ilə təmin etməyin ən güclü üsulu arı məhsullarıdır. Təmiz bal, arı südü, propolis allergiyalı xəstələr və immuniteti aşağı olanlar üçün çox əhəmiyyətlidir. Orqanizmin möhkəmləndirilməsində arı məhsulları çox faydalıdır. Zəli ilə müalicə də maddələr mübadiləsinin yaxşılaşdırılması və xəstəliklərlə mübarizə sahəsində böyük rol oynayır".
azertag.az