Taekvandoçularımız beynəlxalq turnirdə 10 medal qazanıb
13.3.2017

Hollandiyanın Eyndhoven şəhərində keçirilən taekvando üzrə ənənəvi “Dutch Open” beynəlxalq turnirinə yekun vurulub.

G1 kateqoriyalı yarışın son günü ölkəmizi təmsil edən gənc və böyüklərdən ibarət yığma komandamızın daha 5 üzvü uğura imza atıb. 45 kq çəki dərəcəsində mübarizə aparan gənc taekvandoçumuz Xanoğlan Kərimov, böyüklərdən isə Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq) və Radik İsaev (+87 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olublar.

Qadın taekvandoçumuz Darya Şkurko (62 kq) finala yüksəlsə də, həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Xatırladaq ki, yarışın ilk günü böyüklər arasında mübarizədə Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Ayxan Tağızadə (68 kq) bürünc, gənclərdən isə Ayaz Qənbərli (51 kq) gümüş, Cavad Ağayev (63 kq) isə bürünc medala sahib olmuşdular.

Beləliklə, milli komandamız iki gün davam edən beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünclə, ümumilikdə, 10 medalla başa vurub.

azertag.az