“Azərbaycan” şeiri Mərakeşin paytaxtında doğma ana dilimizdə səslənib
14.3.2017

Mərakeşin paytaxtı Rabatda Əmaziğ Mədəniyyəti üzrə Kral İnstitutu və UNESCO-nun qərb ölkələri üzrə regional bürosunun təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyindən bildirilib ki, artıq 14-cü dəfə hər il təşkil edilən tədbir musiqi, teatr tamaşaları, rəqs və şeirlər vasitəsilə müxtəlif ölkələrə məxsus mədəniyyətlərin tanıdılması məqsədi daşıyıb.

Tədbir dünyanın müxtəlif ölkələrindən bütün qitələri təmsil edən nümayəndələrin iştirakı ilə “Çoxdilli təhsil vasitəsilə davamlı gələcəyə doğru” devizi ilə keçirilib.

Xalq Şairi Səməd Vurğunun “Azərbaycan” şeirini doğma ana dilində səsləndirən Rabatda yaşayan azərbaycanlı məktəblilər Rəvan və Fərəhnazı tədbir iştirakçıları alqışlarla qarşılayıblar. Azərbaycan nümayəndələrinin çıxışı ölkəmizin turizm potensialını əks etdirən videoçarxla müşayiət olunub.

Əmaziğ Mədəniyyəti üzrə Kral İnstitutunun rektoru Əhməd Bukus Azərbaycan təmsilçilərinin ifasından böyük zövq aldığını deyib, buna görə onlara rəhbərlik etdiyi institut adından minnətdarlığını bildirib.

azertag.az