Xəbər verdiyimiz kimi, martın 14-də Bakı Şəhər İcra Hakimiyyəti xalqımızın milli bayramı - “İlaxır çərşənbə” gününü təntənəli şəkildə qeyd edəcək. Belə ki, saat 09:30-da metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının yanındakı ərazidən Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl musiqi qruplarının, həmçinin dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük karvan Suraxanı “Atəşgahı”na yollanacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsindən bildirilib ki, builki dəvə karvanına biryaşlı “Bahar” adlı dəvə də qoşulacaq.
Qeyd edək ki, bayram karvanı Bakı Şəhər İcra Hakimiyyəti binasının qarşısından hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi ilə “Beşmərtəbə” dairəsi, Heydər Əliyev Sarayının yanından keçməklə metronun “Sahil” stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət edib Heydər Əliyev prospektinə çıxacaq və metronun “Koroğlu” stansiyasından Hava Limanı avtomagistralı ilə hərəkət edərək Suraxanı “Atəşgahı”na yola düşəcək.
“Atəşgah”dan od götürən bayram karvanı Hava Limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gələcək, bayram tonqalını alovlandıracaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19:00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
azertag.az