Martın 25-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Konstantsa Yunus Əmrə İnstitutu və eləcə də Azərbaycan, Qazaxıstan və Türkmənistanın Rumıniyada akkreditə olunan səfirliklərinin birgə təşkilatçılığı ilə Konstantsa şəhərində Novruz konserti keçirilib.
Bu barədə Şərqi Avropa bürosuna TÜRKSOY nümayəndə heyətinin rəhbəri, Azərbaycanın təşkilatdakı nümayəndəsi Elçin Qafarlı məlumat verib.
Konsertdə TÜRKSOY xalq çalğı alətləri orkestrinə daxil olan müxtəlif ölkələrin sənətçiləri çıxış edib. Orta Asiyanın türkdilli dövlətləri, eləcə də Rusiya Federasiyasındakı türkdilli xalqların nümayəndələrinin təqdim etdikləri musiqi nömrələri maraqla izlənilib.
Azərbaycandan gələn muğam ustalarının çıxışı isə tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Novruz konserti proqramında Konstantsa şəhərində akkreditə olunan Rusiya, Çin və Türkiyə baş konsulluqlarının rəhbərləri, eləcə də şəhər icra hakimiyyəti nümayəndələri iştirak edib.
Konsert proqramı sabah paytaxt Buxarestdə davam etdiriləcək. TÜRKSOY xalq çalğı alətləri orkestrinin növbəti dayanacağı isə Moldova olacaq.
report.az