Frankofoniya ayı çərçivəsində konsert verəcək xarici musiqiçilər BAMF-da olublar
28.3.2017

Azərbaycanda Frankofoniya ayı ilə əlaqədar Fransa və Yunanıstan səfirliklərinin Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşkilatçılığı ilə azərbaycanlı, yunan və fransız musiqiçilərin konserti keçiriləcək.

Bu gün hər üç ölkənin milli musiqi sənətinin aparıcı simaları – Qoçaq Əsgərov, Eleni və Suzana Vugiukli və Pier de Tregomen tədbirin əsas təşkilatçılarından olan BAMF-da olublar.

BAMF-ın prezidenti Umud Mirzəyev görüşdə yunan və fransız musiqiçilərə Azərbaycanın muğam sənəti haqqında məlumat verib. O bildirib ki, muğam Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir.

U.Mirzəyev qeyd edib ki, xalqımızın köklü mədəni dəyərlərinin ayrılmaz hissəsi olaraq qəbul edilən Azərbaycan muğamı UNESCO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısı”na daxil edilib. Azərbaycanda bir neçə tanınmış muğam ifaçılıq məktəbi var və onlardan biri və xüsusi maraq doğuranı Qarabağ muğam məktəbidir. Qarabağ muğam məktəbi əsasən Şuşada formalaşıb. Özünün əslən Qarabağ bölgəsindən olduğunu xatırladan U.Mirzəyev artıq 25 ildir Şuşanın və digər rayonlarımızın Ermənistan tərəfindən işğal altında saxlanıldığını söyləyib.

Musiqinin barış dili, sülh carçısı olduğunu deyən BAMF-ın prezidenti belə tədbirlərin xalqlar arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Qonaqlar bildiriblər ki, müxtəlif mədəniyyətlərin təmsil olunduğu birgə konsertlər qədim tarixi olan ənənəvi sənət növlərinin inkişafına təkan verir.

Xatırladaq ki, konsert aprelin 1-də Muğam Mərkəzində baş tutacaq. Konsertə bilet əldə etmək istəyənlər (+99450) 229 39 11 nömrəli telefonla və editor@eurasiadiary.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

azertag.az