Latviyanın paytaxtı Riqada II Beynəlxalq Novruz festivalı keçirilib. Festivala 20-dən çox millətin nümayəndəsi qatılıb.
Ölkəmizi bu tədbirdə Estoniyada fəaliyyət göstərən “Orhan” Estoniya Azərbaycan məktəbi təmsil edib.
Riqada ikinci dəfə reallaşan bu festival Nəqliyyat və Rabitə İnstitutunda (TSI) təşkil edilib.
Tədbiri giriş sözü ilə festivalın təşkilatçıları Ramil Kadırov (Latviya), İlana Thagazitova (Estoniya) və TSI-nın rektoru Yuris Kanels açaraq, festivalın əhəmiyyətindən danışıblar.
Estoniya Azərbaycan məktəbi iştirakçılara milli rəqslərimizi - “Qaytağı”, “Yallı”, “Tərəkəmə” və “Novruz gəlir, yaz gəlir” mahnısını təqdim edib. Onların çıxışı böyük rəğbət və alqışlarla qarşılanıb.
Məktəbin rəhbəri Sənəm Əliyeva və rəqs müəllimi Səkinə Dəmirova tədbirdə çıxış edərək hər kəsi tarixi çox qədim olan Novruz bayramı münasibətilə təbrik edib.
“Orhan” Estoniya Azərbaycan məktəbi festivalda fəxri fərman və hədiyyələrlə təltif olunub.
azertag.az