ABŞ-da Anarın ikicildlik seçilmiş əsərləri nəşr edilib
28.3.2017

Los-Ancelesdə (ABŞ) Azərbaycanın Xalq Yazıçısı Anarın ikicildlik seçilmiş əsərləri nəşr edilib.

“Azerbaijan International” jurnalının dəstəyi ilə nəşr olunmuş ikicildliyə Anarın “Dantenin yubileyi”, “O gecənin səhəri”, “Mən, sən, o və telefon”, “Keçən ilin son gecəsi”, “Asqılıqda işləyən qadının söhbəti”, “Ürəyim ağrayır”, “Gürcü familiyası”, “Yaxşı padşahın nağılı”, “Əlaqə”, “Otel otağı” və digər məşhur əsərləri daxil edilib.

İkicildliyin tərtibçisi və redaktoru, “Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyer nəşrə Ön sözdə yazır ki, Anar öz əsərlərinin qəhrəmanlarını adi insanlar arasından seçir: “Bu personajlar sizin hər an küçədə və ya evin həyətində qarşıladığınız qonşularınızdır, tanıdığınız insanlardır, bəlkə qohumlarınızdır. Onlar həyatın dəhşətli hadisələrinə qarşı durmurlar, onlar daha çox gündəlik yeknəsəq həyatın kontekstində ömür sürürlər. Yazıçı tədricən onların daxili aləmlərini, narahatlıqlarını ustalıqla üzə çıxarır, onların insanlığına və böyüklüyünə işıq salır”.

Ön sözün müəllifi daha sonra qeyd edir ki, ikinci cildə daxil edilmiş əsərlərdə SSRİ-nin süqutundan sonrakı ilk illərdə yaranmış narahatlıq, qeyri-müəyyənlik və çaşqınlıq duyulur: “Bu dövr üçün Qarabağ faciəsi ilə əlaqədar ağır itki və peşmançılıq hissi səciyyəvidir”.

İkinci cildə Ön sözə Azərbaycan Xalq Şairi, uzun illər boyu Anarla dostluq etmiş Vaqif Səmədoğlunun Anar haqqında fikirləri daxil edilib.

ABŞ-da kitab nəşri qaydalarına uyğun olaraq, ikicildliyə daxil edilmiş hər bir əsərin əvvəlində qısa xülasə şəklində həmin əsərlərdə adları çəkilən tarixi şəxsiyyətlər, Azərbaycan xalqının ənənələri, habelə həmin əsərlər əsasında çəkilmiş bədii filmlər barədə məlumat verilir.

Əsərləri Azərbaycan dilindən Jalə Qəribova, Aida Hüseynova, Sevinc Seyidova, Vəfa Məstanova, Fəridə S.Buyuran, Ülviyyə Məmmədova və Vəfa Talışlı tərcümə ediblər. Nəşrin rəssamı Vüqar Muradovdur.

azertag.az