Azərbaycan İsveçrədə keçirilən kinofestivalda təmsil olunub
29.3.2017

İsveçrənin Bazel şəhərində keçirilən film festivalında Azərbaycan da təmsil olunub. İsveçrədə yaşayan həmvətənlərimiz, “Azərbaycanın dostları” Birliyinin sədri Arzu Əliyevanın dəstəyi ilə gənc rejissor İmam Həsənovun “Müqəddəs inək” filmi festivalın münsiflər heyətinə təqdim olunub və müəllif Bazel kinofestivalına dəvət edilib.

Diasporla iş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, rejissorun özünəməxsus tərzi həm münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən yüksək dəyərləndirilib. Nümayişdən sonra rejissorla film haqqında geniş müzakirələr aparılıb.

Artıq 12 ildir keçirilən festival ayrı-ayri xalqların nümayəndələrinin dostluq və mədəniyyət mübadiləsinə şərait yaradır, düşüncə tərzi, həyata baxışı müxtəlif olan insanları bir araya gətirir. Bazel kinofestivalını İsveçrədə yaşayan müxtəlif xalqların nümayəndələri təşkil edir. Nümayiş etdirilən filmlərin hər biri almanca subtitrlərlə öz ana dilində tamaşaçılara təqdim olunur.

Qeyd edək ki, festivalın təşkilatçıları arasında olan soydaşımız Arzu Əliyeva hər il Azərbaycan filmlərindən ibarət siyahını festivalın münsiflər heyətinə təqdim edir, onlardan ən maraqlısı seçilir və beləliklə, ölkəmiz beynəlxalq kino bayramına qatılır.

azertag.az