“Bəxtəvər” Musiqili Teatrın səhnəsində
29.3.2017

Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Beynəlxalq Teatr Günü ilə əlaqədar “Bəxtəvər” adlı tamaşa təqdim olunub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsəri Dövlət Musiqili Teatrı və iranlı aktyor Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə hazırlanıb. Səhnə əsərinin ssenari müəllifi Babək Nəhreyn, eyni zamanda, baş rolun ifaçısıdır.

Tanınmış iranlı rejissor Yaqub Sadiqcamalinin quruluşunda təqdim edilən tamaşanın ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevdir. Paytaxt sakinləri ilə yanaşı, bir sıra iranlı turistlərin də baxdığı tamaşa anşlaqla qarşılanıb.

Səhnə əsərində rolları iranlı aktyorlar Babək Nəhreyn, Camal Sadıqnecat, Bəhmən Taqipur və Cavad Əkbəri ilə yanaşı, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Ağaxan Şərifov, Ülviyyə Əliyeva və Elxan İsmayılov ifa ediblər.

Tamaşanın quruluşçu dirijoru, Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Fidan Babayevadır.

azertag.az