Görkəmli kinorejissor Əlisəttar Atakişiyevin xatirəsi anılıb
30.3.2017

Martın 29-da Dövlət Film Fondunda Əməkdar İncəsənət Xadimi, görkəmli kinorejissor, ssenarist Əlisəttar Atakişiyevin 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə qonaqlar görkəmli kinorejissorun həyat və yaradıcılığına həsr olunmuş fotosərgiyə baxıblar. Daha sonra sənətkarın ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Əməkdar İncəsənət xadimləri Cəmil Quliyev, Aydın Kazımzadə, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov və başqaları çıxış edərək görkəmli kinorejissorun həyat və yaradıcılığından söhbət açaraq xatirələrini bölüşüblər.

Bildirilib ki, Ə.Atakişiyevin yaradıcılığında dramatik-qəhrəmanlıq üslubu və macəra mövzusunda filmlər üstünlük təşkil edib. Onun quruluş verdiyi “O olmasın, bu olsun” kinokomediyası, “Sehrli xalat”, “Qərib cinlər diyarında” film-nağıllarına, “Bizim küçə” və “İstintaq davam edir” macəra filmlərinə dönə-dönə baxılsa da, yenə də tamaşaçılar böyük maraq göstərirlər.

Ə.Atakişiyevin həm də bir operator, ssenarist, yazıçı, dekorator, rəngkar kimi də əvəzsiz sənətkar olduğu vurğulanıb.

Tədbirdə onun 100 illik yubileyi münasibətilə A.Kazımzadənin yazdığı “Əbədi ölməzlik zirvəsi” kitabından da söhbət açılıb. Kitabda bu unikal şəxsiyyətin müsbət, canlı obrazı əbədiləşib və oxuculara onun haqqında ensiklopedik məlumatlar verilib.

Tədbir çərçivəsində qüdrətli sənətkarın çəkdiyi filmlərdən fraqmentlər nümayiş etdirilib.

azertag.az