Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq. 31mart - Azərbaycanlıların Soyqırımı Günü nümayiş etdiriləcək yeni tamaşa “Ünvansız qatar” adlanır.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Əməkdar İncəsənət Xadimi, istedadlı dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur. Səhnə əsərinin quruluşçu rəssamı Sona Qarayeva, rejissorları Gülnar Hacıyeva, Qasım İbrahimov, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sona Mustafayevadır.
Tamaşada rolları Əməkdar artistlər Lətifə Əliyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Kərəm Hadızadə, Elşən Çarhanlı, Türkan Şahmarlı, Xalidə Əliməmmədova və başqaları ifa edəcəklər.
Yeni səhnə əsəri ata-baba yurdundan didərgin düşmüş soydaşlarımızın faciəli və nisgilli həyat həqiqətlərindən bəhs edir.
azertag.az