“Gənc səslər, qədim nəğmə” filmi aprelin 12-də Parisdə “Avropa ətrafında Avropa” (“L’Europe autour de l’Europe”) festivalında nümayiş etdiriləcək. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə çəkilmiş filmin müəllifi Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokdur.
Bu barədə məlumat TEAS-ın və festivalın saytında yer alıb.
Qarabağdan olan uşaqların muğamı çox məharətlə ifa etdiyini bilən Cefri Verbok 2000-ci ildə azərbaycanlı məcburi köçkün və qaçqınların məskunlaşdığı düşərgələrdə onları üzə çıxarmaq üçün axtarışa başlayıb. Filmdə C.Verbokun vaxtilə dinlədiyi üç azyaşlı ifaçının yeni köçkün qəsəbələrində axtarışları, onların indiki həyatı və musiqi bacarıqlarının necə inkişaf etdirməsi haqqında söz açılır. Filmdə Azərbaycan xalqının qədim muğam ənənəsini yaşatması, ona Vətən torpağının erməni işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi baxması, gənc nəslin bu böyük mədəni irsi qoruması əksini tapıb.
azertag.az