Bakının “Günay” uşaq teatr-studiyası Gürcüstandan Vaxtanq Çabukianinin IV Beynəlxalq festival-müsabiqəsindən qayıdıb. Festival-müsabiqə martın 31-dən aprelin 2-nə qədər Tbilisi Dövlət Universitetində keçirilib.
“Günay” teatrı festivalda kiçik və böyük yaş qruplarında təmsil olunub. Balacalardan ibarət qrup festivalda “Afrika” və “Fin polkası” rəqslərini, böyüklərdən ibarət qrup Üzeyir Hacıbəylinin musiqisinə “Dəsmalla rəqs”, “Nəlbəki” və “Moldovan” rəqslərini təqdim ediblər. Bütün rəqslərə istedadlı xoreoqraf Günəş Talıbova quruluş verib. “Solo” nominasiyasında Keren Anoxina Fərid Kazakovun quruluşunda “Könül” adlı rəqslə çıxış edib. Festivalda Azərbaycanın “Təbəssüm” ansamblı da çıxış edib. Gürcüstan Mədəniyyət Nazirliyinin hamiliyi ilə keçirilən müsabiqədə Rusiya və Türkiyədən də nümayəndə heyətləri iştirak ediblər.
“Günay” uşaq teatr-studiyası festivalın laureatı adına layiq görülüb, fəxri diplomlar və “Ən yaxşı işə görə” Kuboku ilə mükafatlandırılıb. Teatrın solisti Keren Anoxina laureat adına və medallara layiq görülüb.
“Günay” uşaq teatr-studiyasının çıxışı tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
azertag.az