Aprelin 5-də Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində dünya şöhrətli violonçelçalan və dirijor Mstislav Rostropoviçin xatirəsi anılıb.
Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova tədbiri açaraq bildirib ki, böyük musiqiçi M.Rostropoviç dünya mədəniyyətinin inkişafına sanballı töhfə verib, onun violonçeldə ifası bütün dünyada milyonlarla dinləyicinin ürəyini fəth edib. O, bir pedaqoq kimi, istedadlı musiqiçilər nəsli yetişdirib, habelə çoxsaylı musiqi festivallarının keçirilməsinin təşəbbüskarı olub. M.Rostropoviçin musiqi ictimaiyyəti qarşısında xidmətləri ölçüyəgəlməzdir.
Muzeyin şöbə müdiri Xanım Abdinova maestronun həyat və yaradıcılığından danışaraq vurğulayıb ki, M.Rostropoviç Bakıda anadan olub və həyatı boyu ölkəmizə xüsusi məhəbbət bəsləyib, Azərbaycanın bir çox mədəniyyət və incəsənət xadimləri ilə dostluq edib.
Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə dünya şöhrətli bəstəkarların əsərləri səslənib.
Sonda “Titanların dostluğu. Rostropoviç və Şostakoviç” sənədli filmi nümayiş etdirilib.
azertag.az