Aprelin 5-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında uşaq və gənclər arasında keçirilən vokal və estrada oxuma üzrə respublika müsabiqəsinin yekun tədbiri təşkil edilib.
Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb. Tədbirdə nazir müavini Sevda Məmmədəliyeva müsabiqənin əhəmiyyətindən, Azərbaycanda vokal və estrada janrlarının inkişafı tarixindən söz açıb. Bildirib ki, bu gün ölkəmizdə həm akademik vokal, həm də estrada janrında oxuyan istedadlı gənclər çoxdur. Müsabiqənin məqsədi müvafiq istiqamətdə gənc istedadların üzə çıxarılması və onların dəstəklənməsidir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinin də dövlət qayğısı ilə əhatə olunduğunu söyləyən S.Məmmədəliyeva son illərdə bir sıra istedadlı gənclərə Prezident təqaüdünün verilməsini vurğulayıb.
Diqqətə çatdırılıb ki, vokal və estrada oxuma üzrə respublika müsabiqəsi 8-18 yaş arasında uşaq və gənclər arasında keçirilib. Müsabiqədə paytaxtla yanaşı, regionlarda yerləşən uşaq musiqi məktəblərinin 70-dək şagirdi qatılıb ki, onlardan 22 nəfəri münsiflər tərəfindən seçilib. Tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirən nazir müavini qalibləri təbirik edib.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev bu cür tədbirlərin mütəmadi olaraq təşkilini yüksək qiymətləndirib.
Sonra qaliblərə mükafatlar təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.
azertag.az