“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında fəxri kürsüdə yer alacaq idmançılara təqdim olunacaq medallar Oyunlara 35 gün qaldığı vaxtda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) tərəfindən nümayiş olunub.
Əməliyyat Komitəsindən bildiriblər ki, Oyunların püşkatma mərasimindən sonra keçirilən tədbirdə gənclər və idman naziri, AİHOƏK-nin baş icraçı direktoru Azad Rəhimov xüsusi olaraq hazırlanmış medal dəstini Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudə təqdim edib.
Azərbaycan xalça naxışlarında rast gəlinən və İslam mədəniyyəti ikonoqrafiyasına əsaslanan loqo qızıl, gümüş və bürünc medalların mərkəzində yer alıb. Ölkəmizin zəngin tarixini özündə xarakterizə edən bu elementlər “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərini - sülh, birlik, hörmət və mükəmməlliyi özündə cəmləşdirib. Medalın digər üzündə isə İslam Həmrəyliyi İdman Federasiyasının emblemi əks olunub.
Diametri 80 millimetr, qalınlığı 9 millimetr olan medallar “Azərsuvenir” MMC tərəfindən AİHOƏK-in dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.
Dörd qitəni təmsil edən İslam ölkələrindən olan idmançılar on gün davam edəcək yarışlarda 20 idman növü üzrə mübarizə aparacaqlar. Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimləri də daxil olmaqla “Bakı-2017” VI İslam Həmrəyliyi Oyunlarına təxminən 500 min tamaşaçının baxması gözlənilir.
Medalların dizaynı ilə bağlı Təşkilat Komitəsindən bildirilib ki, Oyunların başlanmasına qısa vaxtın qaldığı dövrdə medalların təqdimatı mühüm hadisədir. Bu medallar İslam Həmrəyliyi Oyunlarının əsas dəyərləri olan sülh, hörmət, mükəmməllik və birlik mesajlarını dünyaya çatdıracaq və qalib idmançılara təqdim ediləcək.
“İdman yarışları hər kəsi bir araya gətirərək, sülh, hörmət və birlik ruhunu dünyaya nümayiş etdirəcək”, - deyə Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud qeyd edib.
azertag.az