Lütfi Zadə adına məktəblilərarası ikinci məntiq olimpiadasının ilk turunun nəticələri açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, olimpiadanın məktəbdaxili mərhələsində paytaxt üzrə 315 məktəbdən 19.958 şagird iştirak edib. Nəticələrə əsasən, 2.026 şagird olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Bilik yarışının ilk turunda şagirdlərə 30 test sualı təqdim olunub.
Olimpiadanın final mərhələsi mayın 6-da keçiriləcək. İlk turda olduğu kimi, final mərhələsində də 30 test sualının cavablandırılması üçün bir saat yarım vaxt (90 dəqiqə) ayrılacaq. Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaqlar.
Qeyd edək ki, BŞTİ-nin və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərin bədii, mücərrəd və verbal məntiqi təfəkkürü qiymətləndirilir.
Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə maraqlarını artırmaqdır.
azertag.az