Fransanın Reze şəhərinin “La Soufflerie” konsert zalında Azərbaycan muğamlarından ibarət konsert olub. Konsertdən əvvəl Rezenin mədəniyyət işləri üzrə baş direktoru Moris Kosson dinləyicilərə Azərbaycan muğamından danışaraq bildirib ki, muğamımızı Mərakeşdə Fez festivalında eşidib və ona heyran olub.
Konsertdə əməkdar artistlər Malik (tar) və Elşən (kamança) Mansurov qardaşlarının, Şirzad Fətəliyevin (balaban və zurnada) müşayiəti ilə Kamilə Nəbiyeva muğam və təsniflərimizi ifa edib. Musiqiçilərimizin ifası həmişə olduğu kimi, alqışlarla qarşılanıb.
Azərbaycan musiqiçiləri, həmçinin Perpinyan şəhərində keçirilən “Müqəddəs musiqi” festivalında iştirak ediblər. Festivalda çıxışdan əvvəl yerli mətbuat orqanlarının nümayəndələri ilə görüşən musiqiçilərimiz milli musiqi alətlərimiz, muğamımız haqqında geniş məlumat verib, jurnalistlərin suallarını cavablandırıblar.
Şirzad Fətəliyev Azərbaycan milli musiqi alətlərindən danışaraq balaban və zurnanı nümayiş etdirib. O, bu musiqi alətlərində muğam və təsniflərimizi ifa edib.
Fransada dəfələrlə solo konsert vermiş Malik və Elşən Mansurov qardaşları bu ölkənin musiqisevərlərinə yaxşı bəllidir. Onların Fransada bir neçə diski işıq üzü görüb.
Gənc olmasına baxmayaraq, Kamilə Nəbiyeva məlahətli səsi ilə fransız musiqisevərlərini özünə valeh edib. Hər iki konsertdə musiqiçilərimizin ifası tamaşaçıların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, musiqiçilərimizi Perpinyan festivalına Parisin “Theatre de la Ville” teatrının musiqi məsləhətçisi Sudabek Kia dəvət edib. Sudabek Kia artıq uzun illərdir Azərbaycan muğamının Fransada və Avropada təşviq edilməsində böyük səylər göstərib. O, ilk dəfə Alim Qasımovu, sonralar isə Nəzakət Teymurova, Etibar Hüseynov, Arzu Əliyeva kimi xanəndələrimizi Fransada konsertlər verməyə dəvət edib.
azertag.az