Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 10-da yeni hərrac keçirəcək. Komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində təşkil olunacaq hərraca ümumilikdə 99 əmlak çıxarılıb . Bunlardan 21-i səhmdar cəmiyyət, 38-i kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir.
ƏMDK-dan bildirilib ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər Sabirabad, Ağsu, Bərdə, Şirvan, Lənkəran, Tərtər və Kürdəmirdə yerləşir və əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə 69 min manatla 851 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan və ilkin start qiyməti ən yüksək olan əmlak “Sabirabad Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyətidir. Onun səhminin 30 faizi 127 min 552 manata təklif olunur. Bundan başqa, qiymətinə görə digərlərindən fərqlənən daha bir əmlak “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın səhmi isə hərrac iştirakçılarına 125 min 992 manata təklif edilir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Şəmkir, İmişli, Sumqayıt, Xaçmaz, Gəncə və digər şəhər və rayonlarda yerləşir. Özələşdirilən əmlakların bəzilərinin sahəsi 221 kvadratmetrlə 62995 kvadratmetr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən əmlak İmişli Yardımçı Təsərrüfatı olacaq. Belə ki, bu əmlak 500 min manata təklif edilir və 1889934,2 kvadratmetr torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Şəmkir şəhərində yerləşən yun tədarükü məntəqəsinin start qiyməti 350 min manat, Gəncədəki təsərrüfathesablı poliklinika 212 min 500 manatdır.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi iki sadə prosedur keçmələri kifayət edir. Bunun üçün “privatization.az” portalına daxil olaraq, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək kifayətdir. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan “Mülkiyyət” qəzetində də dərc edilir.
Hərraca çıxarılan əmlaklara istənilən şəxs və investor sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.
ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştiraka dəvət edir.
azertag.az