Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olan Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı ölkəmizdəki qastrol səfərini uğurla yekunlaşdıraraq geri dönüb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Şimali Osetiya teatrının yaradıcı kollektivi üç gün ərzində tamaşaçılara “Потеха для смеха” nağılının motivləri əsasında O.Rozumun “Жили-были” tamaşasını təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Amzor Barakov, quruluşçu rəssamı Svetlana Sitoxova, xoreoqrafı Valeriy Suanov, musiqi tərtibatçıları Qabriel Qabarayev, Diana Sarukayevadır.
Tamaşada rolları aktyorlar Marat Dzqoyev, İrina Besolova, Zalina Djiqkayeva və Atsamaz Vasilyev ifa ediblər.
Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov uğurlu qastrol tamaşasına görə qonaq teatrı ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplomu ilə təltif edib. Sonra qonaqlara xalqımızın milli mədəniyyətini əks etdirən suvenir hədiyyə təqdim olunub.
Məlumat üçün bildirək ki, aprel ayının son günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi gənc yazar Pərvin Nurəliyevanın “Dəcəl keçi” tamaşası ilə adıçəkilən teatrın qonağı olacaq.
azertag.az